Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Avropa və Cənub-Şərqi Asiyanın bir sıra ölkələrində daşınmaz əmlka obyektlərinə investisiya yatırmağı nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fondun ilin I yarısının yekunlarına həsr edilmiş mətbuat konfransında ARDNF rəhbəri Şahmar Mövsümov bildirib.
"Xüsusən, London, Paris, Roma, Moskva, İstanbul, habelə Sinqapur, Malayziya və İndoneziyada daşınmaz əmlak obyektləri nəzərdən keçirilir", - Mövsümov deyib.
ARDNF-in səhmlərdə investisiya yatırması məsələsinə toxunan Mövsümov qeyd edib ki, dünya maliyyə və səhm bazarlarında müşahidə edilən ciddi qiymət dəyişiklikləri ilə əlaqədar riskləri nəzərə alaraq Fond səhmlərdə ilk investisiyanı bu ilin sentyabr ayında yatırmağı planlaşdırır.