Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
Rusiya qış mövsümü ilə əlaqədar Ukraynaya qaz tədarükünün bərpasını zəruri hesab edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak Baş nazir Dmitri Medvedevlə görüş zamanı deyib.
A.Novak Ukraynada qazla bağlı vəziyyəti mürəkkəb hesab edir: "3 aylıq fasilədən sonra sentyabrın 26-da Rusiya-Aİ-Ukrayna üçtərəfli məsləhətləşmələrinin növbəti raundu keçirilib".
Onun sözlərinə görə, gündəlikdə dayanan əsas məsələlər Ukraynaya cari qaz tədarüklərinin bərpa edilməsi və qaza görə borcun müəyyənləşdirilməsi mexanizmi, habelə bu borcu maliyyələşdirəcək mənbələrin tapılmasıdır.
Nazir qeyd edib ki, Ukraynanın yeraltı qaz anbarlarında toplanan qaz həcmləri payız-qış mövsümünü normal keçirməyə imkan vermir: "Bu, Rusiyadan Ukraynaya qaz tədarükləri bərpa edilmədən mümkün deyil".