Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)və Fransanın "Axens" şirkəti arasında dizelin və benzinin hidrotəmizlənməsi qurğusu üzrə müqavilələrin imzalanma mərasimi keçirilib.
Trend-in SOCAR-a istinadən verdiyi məlumata görə, mərasimdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, "Axens" şirkətinin baş icraçı direktoru Jan Sentenak, satış üzrə direktoru Fabien Landi, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Tədbirdə SOCAR prezidenti R.Abdullayev çıxış edərək bildirib ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda Avro-5 standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur. Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və ümumi-zavod təsərrüfatının rekonstruksiya edilməsi və bir neçə yeni qurğunun - bitum istehsalı, dizel hidrotımizləmə, hidrogen istehsalı qurğusu, aminlə təmizləmə, LPG MEROKS, isomerizasiya, naftanın və katalitik krekinqdən alınan benzin fraksiyasının hidrotəmizlənməsi, kükürd istehsalı və s. qurğuların inşası planlaşdırılır.
Bununla əlaqədar, NEZ-in strukturuna daxil olan qurğular üzrə lisenziyaların alınması, eləcə də layihələndirmə xidmətlərinin yerinə yetitilməsi istiqamətində işlərə başlanılmış və danışıqların nəticəsi olaraq oktyabr-noyabr aylarında müqavilələrin imzalanması nəzərdə tutulur. Məlum olduğu kimi, yeni tikiləcək bitum qurğusunun lisenziyasının alınması ilə əlaqədar keçən həftə Avstriyanın "Poerner" şirkəti ilə müvafiq müqavilələr imzalanıb. Digər əsas qurğular üzrə lisenziyanın alınması və Texnoloji Layihələndirmə Paketinin hazırlanması istiqamətində aparılmış araşdırma nəticəsində dizelin və benzinin hidrotəmizlənməsi qurğuları üzrə dünyada qabaqcıl təcrübəyə malik Fransanın "Axens" şirkəti lisenziar kimi seçilib.
Daha sonra qeyd olunub ki, SOCAR uzun müddətdir "Axens" şirkəti ilə əməkdaşlıq edir, Türkiyədə tikilən STAR neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları "Axens" şirkətinin lisenziyası əsasında inşa edilir.
"Axens" şirkətinin baş icraçı direktoru J.Sentenak SOCAR ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib, yeni qurğunun inşası üçün təmsil etdiyi şirkətin lisenziar seçilməsinə görə təşəkkür edib.
Sonra dizelin və benzinin hidrotəmizlənməsi qurğusu üzrə müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən isə J.Sentenak imzalayıblar.