Bakı. Azad Həsənli - Trend:
SOCAR 2017-ci ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsi çərçivəsində tikinti işlərinə başlayacaq. Trend-in məlumatına görə, bunu SOCAR OGPC-nin (Neft-qaz emalı və neft-kimya kompleksi) baş direktorunun müavini Emil Alxaslı Bakıda sənayenin inkişafına dövlət dəstəyi ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, ilin sonunadək FEED layihəsinin hazırlanması başa çatacaq: "2019-cu ilin iyulunadək Avro-5 standartlı dizel yanacağının istehsalını təmin etmək məqsədilə bir sıra qurğular, 2020-ci ilin mayınadək isə Avro-5 standartlı benzinin istehsalı üçün bir sıra qurğu və obyektlər tikiləcək".
E.Alxaslı əlavə edib ki, 2018-ci ilin iyulunadək yeni bitum qurğusu və ümumi zavod təsərrüfatı istismara veriləcək.