...

Azərbaycan və Rusiya energetika nazirləri arasında telefon danışığı olub

Energetika Materials 13 Aprel 2016 17:53 (UTC +04:00)
Rusiyanın energetika naziri Aleksandr Novak aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısından əvvəl görüşmək məqsədilə Azərbaycanın energetika naziri Natiq Əliyevə zəng edib.
Azərbaycan və Rusiya energetika nazirləri arasında telefon danışığı olub

Bakı. Trend:

Rusiyanın energetika naziri Aleksandr Novak aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısından əvvəl görüşmək məqsədilə Azərbaycanın energetika naziri Natiq Əliyevə zəng edib.

Trend Azərbaycan Energetika Nazirliyinə istinadən məlumat verir ki, A.Novak dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklifi və toplantı zamanı qəbul ediləcək qərarla bağlı Azərbaycan və Rusiyanın mövqeyinin öyrənilməsi məqsədilə məsləhətləşmələrin vacibliyini qeyd edərək, belə bir görüşün keçirilməsini xahiş edib.

Qeyd edək ki, neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan kimi milli iqtisadiyyatında neft həlledici rol oynayan Rusiyanın da maraqlarına uyğun deyil. Odur ki, neft hasilatçıları Doha görüşündən vəziyyətin müsbətə doğru dəyişməsinə təkan verəcək qərar gözləyirlər. Azərbaycanı neft hasilatçılarının görüşündə energetika naziri N.Əliyev təmsil edəcək.

Son məlumatlara görə, OPEC-in iclasına ümumilikdə 18 ölkə qatılacaq. Qazaxıstan daxil olmaqla 6 ölkə dəvəti təsdiqləməyib. Norveç və Liviya isə toplantıya qatılmaqdan imtina edib.

Xatırladaq ki, növbəti iclas 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti