...

SOCAR AQS "Günəşli" yatağında quyunun tikintisini vaxtından əvvəl yekunlaşdırıb

Energetika Materials 27 İyun 2019 18:53 (UTC +04:00)
Quyunun faktiki kommersiya sürəti 1698m/dəzgah/ay təşkil edib
SOCAR AQS "Günəşli" yatağında quyunun tikintisini vaxtından əvvəl yekunlaşdırıb

Bakı. Trend:

SOCAR AQŞ 7 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 2660 m olan 342 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından xeyli əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, əməliyyatların Səmərəliyinə Nəzarət şöbəsinin müdiri Oktay Bağırov bildirib ki, yeni nəsil qazma avadanlığı “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyu Balaxanı lay dəstəsi –X horizonta keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilib.

Onun sözlərinə görə, quyunun faktiki kommersiya sürəti 1698m/dəzgah/ay təşkil edib:

"Bu rəqəm özlüyündə quyu tikintisinin təhlükəsiz aparıılmasının və qazmanın optimallaşdırılmasının nəticəsidir ki, sifarişçinin təyin etdiyi vaxtdan 1.5 dəfə az müddətə quyu qazılaraq təhvil verilmiş və yüksək iqtisadi səmərə əldə edilib".

Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.

Sifarişçi SOCAR-ın «Azneft» İstehsalat Birliyidir.

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hal-hazırda SOCAR AQŞ dayazsulu «Günəşli» yatağında yerləşən 7 və 11 saylı, «Qərbi Abşeron» yatağının 10 saylı və «Bulla» yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti