Bakı. Trend:
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) hidrogen istehsalı təşkil olunacaq.
Bunu Trend-ə SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini Emil Alxaslı deyib.
Onun sözlərinə görə, NEZ-in modernləşdirilməsi və rekonstruksiyası layihəsi çərçivəsində hidrogen istehsalı avadanlığının quraşdırılması nəzərdə tutulub.
"Həmin avadanlıq 2022-ci ilin yarısında artıq istismara verilə bilər. Həmçinin, AVRO-5 standartlı dizel yanacağının istehsalı üçün qurğular istifadəyə veriləcək", - deyə o bildirib.
Qeyd edək ki, Bakı NEZ-də istehsal gücünün artırılması, respublikanın “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.
Layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və kompleks tədbirlər planı hazırlanıb.
Nəticədə 4 aprel 2022-ci il tarixdən etibarən “NEZ” əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək.
(Tərcümə: Orxan Nəbiyev)