Bakı. Trend:
“Aqualink” şirkəti Azərbaycanda aktiv şəkildə innovativ texnologiyaların və Niderlanddan olan tərəfdaşların təcrübəsini tətbiq etməklə su sektorunda ümumi investisiya həcmi 30 milyon manata yaxın olan 200-dən çox layihə həyata keçirib
Bunu Trend-ə “Aqualink” şirkətinin Azərbaycandakı baş direktoru Orxan Mikail bildirib.
“Niderlandlı tərəfdaşların bilik və təcrübəsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Niderland səfirliyinin dəstəyi ilə bu il Azərbaycanda su təsərrüfatı sahəsində genişmiqyaslı tədqiqat və təhlil işləri apardıq. Bu sənəd həm biznes ictimaiyyəti, həm də geniş auditoriya üçün mühüm başlanğıc nöqtəsi oldu”, – deyə o əlavə edib.
O. Mikayıl bildirib ki, aparılan tədqiqatda ölkənin su sektorundakı bütün planları bir araya toplamaq mümkün olub.
O vurğulayıb ki, şirkət təkcə Niderlandla deyil, digər Avropa ölkələri ilə də fəal əməkdaşlıq edir. Hazırlanmış sənəd əsasında "Aqualink" Azərbaycanın su infrastrukturunun müasirləşdirilməsi və dayanıqlı inkişafı üzrə yeni layihələrin həyata keçirilməsində iştirak edir.
“Hazırda şirkət Azərbaycanda dörd Niderland şirkətini rəsmi şəkildə təmsil edir və gələcəkdə fəaliyyətini digər bazarlara genişləndirməyi, yeni beynəlxalq tərəfdaşlıqlar qurmağı planlaşdırır. Bir neçə ildir ki, “Aqualink” Niderland şirkətləri ilə sıx əməkdaşlıq edir, onların texniki biliklərini, innovasiyalarını və praktiki təcrübəsini Azərbaycanda tətbiq edir”, - deyə o yekunlaşdırıb.
Bundan əlavə, “Trend”ə müsahibəsində Niderland səfirinin müşaviri Şəhla Balakişiyeva qeyd edib ki, holland təcrübəsi unikal xarakter daşıyır, çünki özündə özəl sektorun, dövlətin və elmi qurumların səylərini birləşdirir. Onun sözlərinə görə, Niderland artıq ölkəsində uğurla tətbiq edilmiş “Room for the River”, “Zandmotor”, “Delta Works” və digər layihələr kimi innovativ və dayanıqlı həlləri Azərbaycana təklif edir.