Azərbaycan, Bakı, 8 may /Trend, müxbir H.Vəliyev/
"Azərkosmos" ASC Azərbaycanda ikinci kosmik peykin buraxılışı çərçivəsində 6 aşağı orbital peyk istehsalçısı ilə ilkin danışıqlar aparıb. Bu barədə çərşənbə axşamı Trend-ə ASC-dən məlumat verilib.
İstehsalçı şirkətlərə ikinci peyk proqramı üzrə tələblər təqdim edilib, texniki məsələlər müzakirə olunub.
Aşağı orbital peykin imkanlarından strateji cəhətdən mühüm infrastruktur obyektlərin, ətraf mühitin təhlükəsizliyinin təmin olunması, fövqəladə halların qarşısının alınması, idarə olunması və proqnozlaşdırılması, geodeziya və xəritəçəkmə, daşınmaz əmlak məsələlərinin həlli, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi və s. üçün istifadə oluna bilər. Bu məqsədlə artıq müvafiq strukturlarla danışıqlar aparılır.
"Azərkosmos" ASC aşağı orbital peykin tikintisi ilə bağlı işlərin sürətləndirilməsi üçün onun tikintisi, sığortası və orbitə buraxılması üzrə tender elan edilib.
Aşağı orbital peykin buraxılışı 2013-cü ilə planlaşdırılıb.