Azərbaycan, Bakı, 4 sentyabr /Trend/
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən cari ilin 8 ayı ərzində müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 224 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.
Trend İdarənin rəsmi saytına istinadən məlumat verir ki, onlardan 106 ədədi möhürlənib, 107 ədədi qeydiyyata salınıb və 11 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
DRİ-nin Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi və Efirə radionəzarət şöbəsinin bölgələr üzrə efirə radionəzarət məntəqələrinin mühəndisləri tərəfindən 2014-cü ilin 8 ayı ərzində iş planına və İdarəyə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan REV-lərə müvafiq qaydada texniki baxış keçirilərək 445 akt tərtib edilib.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 17 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.