Azərbaycan, Bakı, 20 mart /Trend/
Azərbaycanda 44 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitəsi (REV) aşkarlanıb.
Trend Dövlət Radiotezliklər İdarəsinə (DRİ) istinadən məlumat verir ki, İstismara nəzarət şöbəsi (İNŞ) tərəfindən 2015-ci ilin 2 ayı ərzində iş planına, İdarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 103 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 44 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 5 ədədi möhürlənib və 44 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 5 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.