...

İlham Əliyev Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Siyasət Materials 5 İyul 2013 16:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
İlham Əliyev Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Prezident İlham Əliyevin 2012-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq Qovlar qəsəbəsinə şəhər statusu verilmilşdir. Şəhərin Azadlıq prospekti və Vağzal küçəsi asfalt-betonla örtülmüş, ayırıcı zolaq salınmış, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır. Prospektin kənarında təbii qaya daşlarından və üzlük tavalardan istifadə olunmaqla dekorativ hasar inşa edilmişdir. Qovlar şəhərinin Vağzal və Şəhriyar küçələrində ictimai binaların, ticarət və xidmət obyektlərinin fasadları müasirləşdirilmiş və yeni layihələr əsasında obyektlər tikilmişdir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, sahəsi 5 hektar olan Qovlar şəhər mədəniyyət və istirahət parkında istinad divarları tikilmiş və bəzədilmişdir. Səkilərə 1000 kvadratmetrdən artıq tamet və 620 kvadratmetr qranit döşənmişdir. Parkda yeni layihə əsasında inşa edilmiş fəvvarə istirahət məkanına əlavə gözəllik verir. Burada Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirən memorial kompleks daha uyğun yerdə bərpa edilərək ətrafı abadlaşdırılmışdır. İşıqlandırma və suvarma sistemlərinin yenidən qurulduğu parkda qazonlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Uşaqların istirahətinin səmərəli təşkili məqsədi ilə attraksionlar və digər əyləncə qurğuları quraşdırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev parkda görülmüş işləri yüksək qiymətləndirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti