Bazar ertəsi İran polisi müxalifət lideri Mir Hüseyn Musəvinin evini mühasirəyə alıb və onun Misir müxalifətçilərinə dəstək aksiyasında iştirakına mane olmaq üçün bütün telefon xətlərini kəsib. Trend-in məlumatına görə, bu barədə müxalifətin kaleme.com. saytı məlumat verib.
Saytın məlumatına görə, güc strukturunun dörd mülki geyimdə olan nümayəndəsi Musəvinin həyat yoldaşı Zəhra Rəhnəvərdin qarşısını kəsərək onun evdən çıxmasına mane olublar.
Ötən həftə İran müxalifətinin liderlərindən biri Mehdi Kərrubi ev dustağı edilib.
Atasına baş çəkmək istəyən və müxalifətçinin evi qarşısında polis qüvvələri tərəfindən saxlanılan oğlunun sözlərinə görə, həyat yoldaşından başqa, bütün ailə üzvlərinə və dostlarına Kərrubiyə baş çəkmək qadağan olunub. Qadağa fevralın 14-dək qüvvədə olacaq.
Saytın məlumatına görə, çox güman ki, Kərrubinin ev dustağı edilməsinin səbəbi onun və Mir Hüseyn Musəvinin bazar ertəsi DİN-ə məktub göndərərək onlara və tərəfdarlarına fevralın 14-də İmam Hüseyn və Azadlıq meydanlarında Misir və Tunis xalqlarına dəstək aksiyası keçirmək xahişi ilə müraciət etməsi olub. Aksiyanın bazar ertəsi yerli vaxtla saat 15:00-da keçirilməsi planlaşdırılır.