...

İranın Prezident Administrasiyasının rəsmisi həbs olunub

Dünya xəbərləri Materials 2 May 2011 15:05 (UTC +04:00)

İranın "Vilayi Xətiblər" (moizəçilər) Asossiasiyasının rəhbəri Abbas Əmirifər İmam Mehdi ilə bağlı filmin çəkilişinə kömək göstərdiyi üçün həbs olunub. Trend-in məlumatına görə, bu barədə hakim mühafizəkarlar düşərgəsinə bağlı /mashreghnews.ir//tabnak.ir/ xəbər portalları məlumat verib.

Bir neçə ay əvvəl İranda "Qayıdış çox yaxındır" filmi yayımlanıb. Bu filmdə şiələrin 12-ci imam hesab etdikləri Mehdinin qayıdış əlamətləri əks olunub. Şiələrin inancına görə, İmam Mehdi (868-ci ildə doğulub) hazırda tanrının istəyi ilə gizli həyat yaşayır və bir zaman dünyanı ədalətlə təmin etmək üçün geri qayıdacaq.

Filmdə İranın dini lideri ayətullah Əli Xamneyi Seyyid Xurasaniyə, Prezident Mahmud Əhmədinejad isə Şüəyb ibn Salehə bənzədilib. Şiələrin inancına görə,bu iki şəxsiyyət İmam Mehdinin dünyanı zülmdən xilas etməsinə kömək göstərəcək.

İranda bir çox nüfuzlu din xadimləri, o cümlədən ayətullah Məkarim Şirazi bu filmin çəkilişinə və yayımlanmasına kəskin etiraz edib.

MEHR agentliyinin məlumatına görə, keçən ilin mayında İranın Prezident Administrasiytasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşai Əmirifəri Prezident Administrasiyasının Mədəniyyət Şurasının üzvu seçmişdi.

Məşai keçən ay vəzifəsindən uzaqlaşdırılıb. Əhmədinejadın qudası olan Məşai 2009-cu ildə vitse-prezident təyin edilsə də, dini lider ayətullah Xamneyi bu təyinata mane olmuşdu. Bir çox deputatlar, dini şəxsiyyətlər və İran İslam İnqilabı Keşikçiləri Korpusu dini təhrif etməsi ilə bağlı Məşaiyə dəfələrlə xəbərdarlıq ediblər.

İranda hakimiyyətdə olan mühafizəkarlar düşərgəsinə bağlı olan bir çox KİV Məşainin İmam Mehdi ilə bağlı filmi maliyyələşdirdiyini iddia edirlər.

Məşai bununla bağlı hələlik fikir bildirməyib.

Xəbər lenti

Xəbər lenti