Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların ailələrini, o cümlədən ABŞ-da doğulmuş uşaqları ilə birlikdə deportasiya etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinə müsahibəsində Ağ Evin sərhəd təhlükəsizliyi üzrə gələcək kuratoru Tomas Homan məlumat verib.
Homan bildirib ki, deportasiya olunacaq valideynlərə seçim hüququ veriləcək: uşaqları tək qoymaq və ya onları özləri ilə aparmaq. Bundan əlavə, ABŞ hökuməti uşaqlı qeyri-qanuni miqrant ailələrinin həbsdə saxlanılmasını bərpa etməyi nəzərdə tutur. Bu məqsədlə daha yumşaq şəraitə malik xüsusi müvəqqəti yaşayış binalarının tikilməsi planlaşdırılır.