Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-nin qurumdan çıxması səbəbindən yaranan maliyyə çatışmazlığı ilə bağlı illik büdcəsini 20%-dən çox azaltmağı nəzərdən keçirir.
Trend xəbər verir ki, jurnalistlər ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun daxili elektron məktubuna giriş əldə ediblər. Sənəddə qeyd olunur ki, 2025-ci ilin əvvəlindən təşkilatın gəliri təxminən 600 milyon dollar azalacaq.
Bu çətinlikləri nəzərə alaraq, ÜST iştirakçı ölkələrə ilkin təklif edilən məbləğdən 21% az – 4,2 milyard dollarlıq büdcə planı təqdim edib.
Məktubda vurğulanır ki, ÜST işçi heyətini azaltmaq və fəaliyyət miqyasını daraltmaq məcburiyyətində qalacaq. Struktur islahatlarının ilk növbədə təşkilatın qərargahına və yüksək menecment səviyyəsinə təsir edəcəyi bildirilir.
Qebreyesusun sözlərinə görə, ÜST ABŞ-nin çıxış qərarından əvvəl də maliyyə çətinlikləri ilə üzləşib və bu problemi həll etmək üçün yollar axtarırdı.