Bakı. Trend:
Şərqi Avropada ilk dəfə olaraq Sloveniyada evtanaziya leqallaşdırılıb. Cümə günü ölkənin parlamentində qəbul edilmiş yeni qanun ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlərin tibbi dəstək yolu ilə intiharına icazə verir.
Bu baradə Trend “Fox News” telekanalına istinadən xəbər verir.
Parlamentdə keçirilən səsvermədə evtanaziya haqda qanunun lehinə 50 deputat səs verib, 34 nəfər tibbi dəstəkli intiharın leqallaşdırılmasına qarşı çıxıb, 3 nəfər bitərəf qalıb.
Qanun dözülməz əzab çəkən və sağalma ümidi olmayan ölümcül xəstəlikdən əziyyət çəkən yetkin şəxslərə şamil edilir. Namizədlərin uyğun hesab olunması üçün onların ruhi baxımdan sağlam olması və mövcud müalicə imkanlarını artıq tükətməsi tələb olunur.
Ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslər bu hüquqdan yararlana bilməyəcək.