Bakı. Trend:
Cənubi Avstraliya Universitetinin və London Kral Kollecinin tədqiqatçıları D vitamini çatışmazlığı ilə COVİD-19 virusunun ağır fəsadları arasında əlaqə aşkarlayıb.
Trend xəbər verir ki, tədqiqatın nəticələri “PLOS One” jurnalında dərc olunub.
Tədqiqatda 151, 543 nəfərin xəstəlik tarixçələrindən və müayinə nəticələri ilə bağlı məlumatlardan istifadə olunub.
Alimlər onların təhlili əsasında müəyyən ediblər ki, COVİD-19-la əlaqədar xəstəxanalara yerləşdirilən insanlar arasında aşağı D vitamin səviyyəsindən əziyyət çəkən insanlar bu göstəricisi normal olan insanlarla müqayisədə əhəmiyyətli üstünlük təşkil edib.
D vitamini orqanizmin təhdidlərə immun cavabının tənzimlənməsində vacib rol oynayır və onun çatışmazlığı orqanizmin infeksiyalardan qorunmasını zəiflədə bilər.
Asiya və afro-karib mənşəli qrupda da D vitamini çatışmazlığı koronavirusa yoluxma riskinin artması ilə əlaqələndirilib, lakin alimlər xəstəliyin ağır keçməsi və hospitalizasiya ilə eyni dərəcədə aydın bir korrelyasiya müşahidə etməyiblər.
Tədqiqatçılar xatırladıblar ki, COVID-19 insanların sağlamlığına təsir göstərməkdə davam edir.