Bakı. Trend:
Çinin avtomobil istehsalçısı “Geely” Amerikanın “Ford” şirkəti ilə potensial tərəfdaşlıq barədə danışıqlar aparır.
Trend xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, mümkün əməkdaşlıq çərçivəsində “Ford”un Avropadakı zavodlarından istifadə etməklə “Geely” markalı avtomobillərin istehsalı nəzərdə tutula bilər.
Məlumata görə, danışıqlar artıq bir neçə aydır davam edir. Bu müddət ərzində həm Çində, həm də ABŞ-də hər iki şirkətin yüksək səviyyəli rəhbərliyinin iştirakı ilə görüşlər keçirilib. Tərəflər istehsalın lokallaşdırılması ilə yanaşı, xüsusilə avtomatlaşdırılmış sürücülük texnologiyaları sahəsində əməkdaşlıq imkanlarını da müzakirə edirlər.
Qeyd olunur ki, İspaniyanın Valensiya şəhərində yerləşən “Ford” zavodu “Geely” avtomobillərinin Avropada istehsalı üçün potensial məkan kimi nəzərdən keçirilir. “Ford”un Avropa müəssisələrində istehsalın təşkili “Geely”yə Çin istehsalı elektrik avtomobillərinin idxalına tətbiq olunan Avropa İttifaqı tariflərindən yayınmaq imkanı verə bilər.
