...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti xarici mətbuatda (FOTO)

Mədəniyyət Materials 28 Aprel 2017 20:17 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin qastrol səfəri yekunlaşmaq üzrədir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti xarici mətbuatda (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin qastrol səfəri yekunlaşmaq üzrədir.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nodar Dumbadze adına Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı və Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında artıq yaradıcı heyət uğurla çıxış edərək Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrına üz tutub.

Gürcüstan və Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrlarından zəngin təəssürat və bol tamaşaçı alqışı ilə ayrılan kollektiv Çeçenistan teatrından da eyni təəssüratlarla ayrılacağına ümid edir.

Aprel ayının əvvəlində Bakıda olan Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı azərbaycanlı kollektivi xüsusi olaraq qarşılayıb. 3 gün ərzində davam edən qastrol səfəri çərçivəsində Pərvinin “Dəcəl keçi” tamaşası 12 dəfə nümayiş etdirilib. Tamaşadan öncə keçirilən mətbuat konfransında Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri Vladislav Koliyev, Azərbaycanın Şimali Osetiyadakı diasporunun rəhbəri, “Vahid Rusiya” partiyasının üzvü Fuad Kazımov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini Fəxrəddin Dünyamalıyev və qastrol səfərində iştirak edən aktyorlarımızdan - Səbinə Məmmədova, Ədalət Əbdülsəməd və İlham Əsədov jurnalistlərin suallarını cavablandırıblar.

V.Koliyev qarşılıqlı qastrol səfəri haqqında danışaraq bildirib ki, nəinki sovet hətta postsovet dönəmində Azərbaycan və Vladiqafqaz arasında mədəni əlaqələr, qarşılıqlı gediş-gəliş olmayıb: “Bu əlaqələri bərpa edib möhkəmləndirmək isə artıq hər iki teatr qarşısına qoyulmuş prioritet məsələlərdəndir. Qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması haqqında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovla danışıqlarımız hələ 5 il öncə başlayıb. Nəhayət biz həmin danışıqları həyata keçirə bildik. Bildiyiniz kimi aprel ayının əvvəllərində bizi Dövlət Gənc Tamaşaçılar Teatrı “Жили-были” tamaşası ilə olduqca isti münasibətlə qarşıladı. Bu gün də biz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını istedadlı yaradıcı heyətini qəbul edirik. Perspektivdə isə qarşılıqlı rejissor mübadiləsi çərçivəsində hər iki teatrda uşaq tamaşalarının hazırlanması durur. Düşünürəm ki, növbəti layihələrimiz də uğurla gerçəkləşəcək”.

Fuad Kazımov çıxışında qastrol səfərlərinin Azərbaycan və Vladiqafqaz teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin möhkəmlənməsi üçün olduqca vacib olduğunu bildirirək, hələ XX əsrin əvvəllərində “Leyli və Məcnun” operasının ilk premyeralarından birinin məhz Vladiqafqazda nümayiş etdirildiyini bildirib.

Aktyorlar isə çıxışlarında tamaşaçıların xoş münasibəti, tamaşaya səmimi yanaşmaları haqqında fikirlərini bildiriblər.

Səfər çərçivəsində tamaşalardan biri çoxuşaqlı və aztəminatlı ailələrin övladları və sağlamlığı məhdud olan uşaqlar üçün nümayiş etdirilib.

Vladiqafqaz səfəri haqqında buranın bir sıra nüfuzlu qəzet və saytlarında materiallar dərc edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti