...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKU MİTİNQİNİ TƏXİRƏ SALIB

Siyasət Materials 1 Oktyabr 2005 12:05 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr (AQ) seçki bloku oktyabrın 2-ə təyin etdiyi mitinqi təxirə salıb". Bu barədə Trend agentliyinə AQ seçki bloku mərkəzi seçki qərargahının rəhbəri Rövşən Əhmədli bildirib.

R.Əhmədlinin sözlərinə görə mitinqin təxirə salınmasına səbəb seçki bloku üzrə namizədlərin seçki təbliğatı ilə bağlıdır: "Qərara aldıq ki, hələlik fəaliyyətimizi namizədlərin seçki təbliğatına yönəldək. İkinci bir səbəb də oktyabrın 1-də "Azadlıq" blokunun mitinqi olduğunu nəzərə alaraq, dalbadal iki mitinqin keçirilməsini məqbul saymadıq".

AQ seçki blokunun səlahiyyətlisi onu da qeyd edib ki, növbəti mitinqin vaxtı oktyabrın 5-də blokun ümumi toplantısında müəyyənləşdiriləcək. R.Əhmədli mitinqin təxirə salınması ilə bağlı Bakı meriyasına məktub göndərilmədiyini də qeyd edib. Buna ehtiyac duyulmadığını deyib.

Qeyd edək ki, AQ seçki bloku əvvəlcə mitinqlərini oktyabrın 1-ə "Qələbə" meydanında keçirməyi planlaşdırmışdı. Həmin gün Azərbaycan Naminə seçki bloku da eyni ünvanda mitinq keçirməyi qərara aldıqdan sonra AQ seçki bloku mitinqinin vaxtını oktyabrın 2-nə dəyişmişdi.

Xəbər lenti

Xəbər lenti