...

Nazim İbrahimov: "Nazirlər Kabineti Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı yaxın günlərdə sərəncam verəcək"

Siyasət Materials 8 Dekabr 2005 13:03 (UTC +04:00)
Nazim İbrahimov: "Nazirlər Kabineti Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı yaxın günlərdə sərəncam verəcək"

Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində tədbirlər görülməsi ilə bağlı yaxın günlərdə Nazirlər Kabineti sərəncam verəcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

Nazim İbrahimov bildirib ki, Azərbaycanın dövlət orqanları, nazirlikləri və dövlət komitələrinin nümayəndələrindən ibarət yaradılmış İşçi Qrupu Gürcüstan azərbaycanlıları ilə bağlı geniş proqram hazırlayır. Bu proqram həmin dövlət qurumlarının qarşısında konkret vəzifələr qoyacaq. İşçi Qrupu həmçinin Gürcüstanın da dövlət orqanlarına təkliflərini təqdim edəcək. Nazim İbrahimovun sözlərinə görə, proqram şəklində hazırlanan bu təkliflər Gürcüstanın müvafiq dövlət orqanlarının azərbaycanlıların müxtəlif səpgili problemlərinin dövlət səviyyəsində həllini nəzərdə tutur.

Komitə sədri qeyd edib ki, eyni məqsəd daşıyan təkliflər paketi Azərbaycan Respublikası Nazirlər Kabinetinə artıq təqdim olunub. Onun sözlərinə görə, yaxın zamanda Nazirlər Kabineti tərəfindən sərəncam hazırlanır və bu günlərdə sərəncamın mətni ictimaiyyətə çatdırılacaq. Nazim İbrahimovun sözlərinə görə, Dövlət Komitəsinin təşəbbüslərindən sonra Gürcüstan dövləti tərəfindən soydaşlarımızın problemlərinin həlli istiqamətində addımlar atılmağa başlanılıb: "Son zamanlar Gürcüstanda azərbaycanlıların problemlərinin aradan qaldırılması istiqamətində irəliləyişlər müşahidə edilir. Əgər bu tədbirlər davam etdirilsə, qarşıya qoyulan məqsədin böyük bir hissəsinə nail olunacaq"-deyə N.İbrahimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti