...

"Dünəndən bu günə erməni təcavüzü və Xocalı soyqırımı" kitabının təqdimatı olub

Cəmiyyət Materials 17 Aprel 2015 19:14 (UTC +04:00)
Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərə həsr edilmiş "Dünəndən bu günə erməni təcavüzü və Xocalı soyqırımı" adlı kitabın təqdimatı keçirilib.
"Dünəndən bu günə erməni təcavüzü və Xocalı soyqırımı" kitabının təqdimatı olub

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərə həsr edilmiş "Dünəndən bu günə erməni təcavüzü və Xocalı soyqırımı" adlı kitabın təqdimatı keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə Türkiyənin bir sıra QHT-ləri arasında əməkdaşlıq çərçivəsində ərsəyə gələn kitabın təqdimat mərasimini giriş sözü ilə açan təşkilatın sədri Vüqar Qədirov bildirib ki, kitab "Xocalı soyqırımı, ikili standartlar və 100 ilin erməni yalanları" layihəsi çərçivəsində hazırlanıb.

V.Qədirov qeyd edib ki, kitabda ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi insanlığa sığmayan soyqırımdan bəhs edir: "Kitabın hazırlanmasında əsas məqsəd Türkiyə QHT-ləri ilə birlikdə bu soyqırımı dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır".

O, ermənilərin tarix boyu Azərbaycan və Türkiyəyə qarşı vəhşiliklərindən, ermənilərin uydurma "soyqırımı"ndan söz açaraq bildirib ki, ermənilər bu qondarma "soyqırım"dan Türkiyəyə və Azərbaycana qarşı silah kimi istifadə etməyə çalışırlar: "Ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi, Xocalıda soyqırım törətdiyi bir halda, əsrin əvvəlində olmayan bir uydurma "erməni soyqırımı"nı tanıyan və bundan türk dünyasına qarşı istifadə etməyə çalışan Ermənistanın havadarları bilməlidirlər ki, Azərbaycan və Türkiyə bu yalanları ifşa edəcək".

Daha sonra çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev Azərbaycan-Türkiyə qardaşlığının tarixindən danışıb. O, qeyd edib ki, Türkiyə ilə Azərbaycan tarix boyu bir-birilərinin torpaqları yolunda canlarından keçiblər.

R.Mirzəyev ermənilərin Türkiyə və Azərbaycana qarşı törətdiyi vəhşiliklərin arxasında erməni havadarlarının dayandığını deyib, türk dünyasına qarşı ikili standartların mövcud olduğunu diqqətə çatdırıb.

Digər çıxışçılar da tarix boyu ermənilərin Azərbaycan və Türkiyəyə qarşı vəhşiliklərindən, erməni yalanlarından danışıblar.

Daha sonra Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş "Cümhuriyyətin ilk sədası" adlı tarixi xronoloji dram nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti