Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda ildən-ilə stasionar şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı azalır, ev və ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı artır.
Trend-in məlumatına görə, bunu Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova bu gün Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Hemofiliya mövzusuna dair keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycanda ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 2008-ci illə müqayisədə artıb. 2008-ci ildə ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 980, stasionar şəraitdə müalicə olunan xəstələrin sayı 577 olubsa, 2015-ci ildə ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 2482, stasionar şəraitdə müalicə olunan xəstələrin sayı 310 olub. Hazırda mərkəzdə 20 nəfər ağır inhibitorlu (dərəcə) xəstə var.
E.Qədimova deyib ki, 2015-ci ildə 28 böyük cərrahi əməliyyat aparılıb.
Azərbaycanda 1500-dən çox hemofiliyalı xəstənin olduğunu açıqlayan E.Qədimova bildirib ki, bu gün Azərbaycanda hemofiliyalı xəstələrin 111 nəfəri 1-5 yaşlı, 226 nəfəri 5-15 yaşlı uşaqlardır: "Bu isə o deməkdir ki, ümumi xəstələrin 22,5 faizi 1-15 yaşlı uşaqlardır".