...

AVQUSTUN ƏVVƏLİNƏ PLANTASİYALARDAN 670 TON YAŞIL ÇAY YARPAĞI YIĞILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2005 12:28 (UTC +04:00)

Avqustun əvvəlinə ölkədəki çay plantasiyalarından 670 ton yaşıl çay yarpağı yığılıb. Bu isə təqribən ötən ilin müvafiq dövrünə olan göstərici ilə eynidir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, bu il ümumilikdə ölkədəki çay plantasiyalarından təqribən 1100 ton yaşıl çay yarpağının yığılması nəzərdə tutulur.

Bu isə ötən ilki göstəricidən 60 ton çoxdur. Mayın ortalarından başlanan yaşıl çay yarpağı yığımı prosesi oktyabrda başa çatacaq.

Hazırda isə ölkədə 3600 hektar sahədə çay plantasiyaları mövcuddur. Bunun 1900 hektarı Lənkəranın, 1350 hektarı Astaranın, 200 hektarı Masallının, yerdə qalan sahələr isə Lerik və Zaqatalanın payına düşür.
İldən-ilə çay istehsalının həcminin artmasına isə sahələrdə kompleks aqro-texniki tədbirlərin aparılması öz təsirini göstərir.

Hazırda ölkədə 16 çay fabriki fəaliyyət göstərir ki, bunların da 14-ü çayın ilkin emalı ilə, 2-si isə çayların qablaşdırılması ilə məşğul olur. Yaşıl çay yarpağı istehsalı ilə məşğul
olan ayrı-ayrı fermerlər yığdıqları məhsulları satmaq üçün bu çay fabrikləri ilə müqavilə bağlayırlar.

Xatırladaq ki, 1988-ci ildə ölkədə 13,4 min hektar sahədə çay plantasiyaları mövcud olmuşdur ki, bu sahələrdən də 34 min ton məhsul toplanmışdır.

Xəbər lenti

Xəbər lenti