...

Coğrafiya İnstitutu: Şamaxının Muğanlı kəndi iri yaşayış məntəqəsi kimi əlverişsizdir

Cəmiyyət Materials 9 Yanvar 2014 14:03 (UTC +04:00)
Şamaxının aktiv sürüşmə zonası olan Muğanlı kəndi iri yaşayış məntəqəsi kimi əlverişsizdir. Burada yalnız yüngül tikililər inşa etmək olar.
Coğrafiya İnstitutu: Şamaxının Muğanlı kəndi iri yaşayış məntəqəsi kimi əlverişsizdir

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Şamaxının aktiv sürüşmə zonası olan Muğanlı kəndi iri yaşayış məntəqəsi kimi əlverişsizdir. Burada yalnız yüngül tikililər inşa etmək olar. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, institutun əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun ayırdığı qrant hesabına Şamaxının aktiv sürüşmə zonası olan Muğanlı bələdəyyəsinin ərazisində irimiqyaslı tədqiqatlar aparırlar.

Tədqiqatların aparılmasında məqsəd ərazinin sürüşmə aktivliyinin qiymətləndirilməsi, qiymətləndirmə nəticəsində təhlükəlilik dərəcəsinin müəyyən olunması və bunun əsasında müvafiq təkliflərin hazırlanmasıdır.

E.Əlizadənin sözlərinə görə, tədqiqatlar nəticəsində həmin ərazinin sürüşmə təhlükəliliyi xəritəsi və landşaft-deqradasiya xəritəsi hazırlanacaq. Bu da gələcəkdə həmin ərazidən hansı istiqamət üzrə və necə istifadə etməyin mümkünlüyünü deməyə imkan verəcək.

Tədqiqatların yekun nəticəsi 2014-cü ilin sonunda bilinəcək.

Muğanlının intensiv sürüşmə zonası olduğunu deyən E.Əlizadə bildirib ki, Muğanlı sürüşmə zonası Ağsuçay hövzəsinə aiddir. Bura yalnız Muğanlını deyil, ona yaxın əraziləri də əhatə edir.

Muğanlıda sürüşmələrin intensiv olmasının səbəbi isə həmin ərazinin insan amili nəticəsində həddindən artıq yüklənməsi, yolların çəkilməsi, əkin sahələrinin suvarılması və nəticədə yamacların şərti dayanıqlığının pozulmasıdır: "Əslində, bura iri yaşayış məntəqəsi kimi əlverişsizdir. Burada yüngül tikililər tikmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti