...

İslam maliyyələşdirməsi ekosistemləri dəstəkləmək üçün böyük potensiala malikdir – Səudiyyə Milli İnkişaf Fondunun direktoru

İqtisadiyyat Materials 28 Aprel 2024 13:04 (UTC +04:00)
İslam maliyyələşdirməsi ekosistemləri dəstəkləmək üçün böyük potensiala malikdir – Səudiyyə Milli İnkişaf Fondunun direktoru
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

İslam maliyyələşdirməsi ekosistemləri dəstəkləmək üçün böyük potensiala malikdir.

Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (İİB) Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində Səudiyyə Ərəbistanının Milli İnkişaf Fondunun direktoru Stiven Qrof İslam İnkişaf Bankının İslam maliyyələşdirməsi üzrə 18-ci Qlobal Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, İslam maliyyələşdirməsi təkcə risklərin bölüşdürülməsini təşviq etmir, həm də dünyada həm müsəlman, həm də qeyri-müsəlman icmalarına fayda verən innovativ yanaşmalara imkan yaradır.

"Bu cür maliyyə fəaliyyətləri bir çox ölkələrdə, xüsusən də böhran dövründə dayanıqlı inkişafa nail olmaq üçün çox vacibdir. Səudiyyə Ərəbistanı kimi ölkələrdə sahibkarlıq təkcə tərəqqinin mühərriki kimi deyil, həm də inklüziv və davamlı artıma nail olmaq üçün əsas element kimi görünür. İslam maliyyələşdirməsinin çərçivəsi, risklərin bölüşdürülməsinə xüsusi diqqət yetirməklə, inkişafın maliyyələşdirilməsi təşəbbüslərinin asanlaşdırılması üçün çərçivə təklif edir", - deyə o bildirib.

Qrof hesab edir ki, innovasiya və sahibkarlığı təşviq edən mühitin yaradılması çox vacibdir.

"Şəriətə uyğun maliyyələşdirmə variantları sahibkarlara fundamental prinsiplərə riayət etməklə fürsətlərdən istifadə etməyə imkan verir. Texnoloji irəliləyişlər maliyyə xidmətlərini daha əlçatan və etik edib ki, bu da İslam maliyyələşdirməsinin dəyərlərinə uyğundur. Sukuk kimi məhsullar davamlı inkişafa uyğundur”, - deyə o bildirib.

Qrof əlavə edib ki, maliyyə tərəqqinin digər mühüm aspekti texnologiyanın maliyyəyə inteqrasiyası və FinTech-in maliyyə məhsulları və xidmətlərinə çıxışın genişləndirilməsində göstərdiyi təsirdir.

“Hamınız bildiyiniz kimi, FinTech hazırda maliyyə sistemlərinin inklüzivliyinin təmin edilməsində əsas rol oynayır və İslam maliyyələşdirməsi də istisna deyil. Texnoloji irəliləyişlər təkcə maliyyə inklüzivliyini artırmayan, həm də xüsusilə yaxşı strukturlaşdırılmış məhsul və xidmətlərlə birləşdirildikdə etik standartları dəstəkləyən platformaların yaranmasına səbəb olmuşdur", - deyə o bildirib.

Qrof qeyd edib ki, İslam maliyyələşdirməsi maliyyə əməliyyatları çərçivəsində iqtisadi fəaliyyətlərə diqqət yetirməklə sahibkarlığı təşviq edən ekosistemləri inkişaf etdirmək üçün böyük potensiala malikdir. Bu, öz növbəsində, sahibkarlara uğur qazanmaq üçün lazım olan şəraiti yaradır.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti