...

İslam maliyyə prinsipləri innovasiya potensialının açılmasında mühüm rol oynaya bilər – İİB sədri

İqtisadiyyat Materials 28 Aprel 2024 11:33 (UTC +04:00)
İslam maliyyə prinsipləri innovasiya potensialının açılmasında mühüm rol oynaya bilər – İİB sədri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

İslam maliyyə prinsipləri innovasiya potensialının açılmasında mühüm rol oynaya bilər.

Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (İİB) Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində İİB qrupunun sədri Məhəmməd Süleyman Əl-Cəsser İslam İnkişaf Bankının İslam maliyyələşdirməsi üzrə 18-ci Qlobal Forumunda çıxışı zamanı deyib.

"Bu gün üzləşdiyimiz qlobal çağırışlar bizi davamlı inkişafa əsaslanan gələcəyə doğru aparacaq uzaqgörən liderlik tələb edir. Bu transformasiya öz icmalarında iqtisadi artım və tərəqqi üçün katalizator rolunu oynayan sahibkar liderlər nəslini inkişaf etdirməkdən ibarətdir. Bunlar mövcud məhdudiyyətlərdən kənar imkanları görən, problemlərlə üz-üzə durmağa hazır olan və dəyişiklik prosesinə rəhbərlik edən liderlərdir. Onlar dünyaya müsbət təsir göstərməyə çalışırlar. Sahibkarlığın təsiri ayrı-ayrı müəssisələrdən xeyli kənara çıxır. Sahibkarlar uğur qazandıqda gələcək nəsillərə böyük təsir göstərirlər", - deyə o bildirib.

Əl-Cəsser qeyd edib ki, "Alibaba", "Google", "Amazon", "Apple", "Microsoft", "Tesla" kimi müəssisələr iqtisadi mənzərəni kəskin şəkildə dəyişib.

“Bu şirkətlərin ümumi bazar dəyəri, demək olar ki, 12 trilyon dollar təşkil edir ki, bu da Böyük Britaniya, Fransa və Rusiyanın 2023-cü ildəki iqtisadi məhsuldarlığından çoxdur. Onlar milyonlarla iş yeri yaradıb, saysız-hesabsız biznesə şərait yaradıb və dünya ölkələrində iqtisadi artımı sürətləndirib. Potensial sahibkarları dəstəkləməklə biz üzv ölkələrimizin inkişafını və tərəqqini sürətləndirə bilərik", - deyə o bildirib.

Əl-Cəsser əlavə edib ki, "Global Entrepreneurship Monitor" göstərdi ki, həm yeni, həm də mövcud sahibkarlar dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm töhfələr verirlər.

“Bununla belə, kritik bərabərsizliklər qalmaqdadır. Dünya Bankının məlumatına görə, yeni biznesin yaradılması tempində kəskin kontrast var. Bu boşluğun aradan qaldırılması çox vacibdir. Sahibkarlığı dəstəkləyən və inkişaf etdirən əlverişli mühit yaratmaqla biz innovasiya potensialını aça bilərik. İslam maliyyə prinsiplərinə uyğunlaşdırılmış mikromaliyyə kimi təşəbbüslər bu baxımdan mühüm əhəmiyyət kəsb edə bilər", - deyə o bildirib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti