...

Misir Azərbaycandan Bakı - Şarm Əl-Şeyx çarter reysinin açılması məsələsində dəstək istəyir (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2014 18:35 (UTC +04:00)
Misir Ərəb Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyəti Şarm Əl-Şeyx şəhərində görüşləri başa vurandan sonra ölkənin paytaxtı Qahirə şəhərinə gəlib. Burada nümayəndə heyətini Misirin turizm naziri Hişəm Zazu qəbul edib.
Misir Azərbaycandan Bakı - Şarm Əl-Şeyx çarter reysinin açılması məsələsində dəstək istəyir (FOTO)

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Misir Ərəb Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyəti Şarm Əl-Şeyx şəhərində görüşləri başa vurandan sonra ölkənin paytaxtı Qahirə şəhərinə gəlib. Burada nümayəndə heyətini Misirin turizm naziri Hişəm Zazu qəbul edib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Misirin "Air Cairo" aviasiya şirkətinin rəhbərliyi, həmçinin Misir-Azərbaycan əlaqələrini genişləndirmək və inkişaf etdirmək məqsədilə yaradılmış "Eg-Az tours" şirkətinin, Misirin ən böyük üç turizm şirkətindən biri olan (2010-cu ildə 360 min turist qəbul edib) "Masters Travel Service"in nümayəndələri, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, səfirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Nümayəndə heyətinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev qəbula görə minnətdarlığını bildirərək səfərin Misirin turizm şəhərlərində mövcud vəziyyət, təhlükəsizliklə bağlı görülən işlər və turizm obyektlərinin fəaliyyəti ilə ətraflı tanışlıq imkanı yaratdığını diqqətə çatdırıb, Azərbaycan və Misirin müvafiq nazirliklərinin turizm sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O ümidvar olduğunu bildirib ki, qarşılıqlı səfərlər iki ölkənin turizm əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcək.

H.Zazu, öz növbəsində, onun dəvətini qəbul edib Misirə səfərə gələn Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib. Söhbət əsnasında 2007-ci ildə imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında turizm əməkdaşlığı sahəsində Anlaşma Memorandumu"ndan irəli gələn məsələlər diqqətə alınıb. Nazir bununla bağlı görüşdə iştirak edən Misirin Turizm Nazirliyinin idarə rəislərinə müvafiq tapşırıqlar verib.

O, həmçinin Bakıdan Misirin turizm şəhəri olan Şarm Əl-Şeyxə çarter reysinin açılması məsələsinə dəstək verilməsini Azərbaycan tərəfdən xahiş edib.

Görüşdə Azərbaycan kütləvi informasiya vasitələri nümayəndələrinin Misirə səfəri də müzakirə olunub.

Sonda xatirə hədiyyələri təqdim edilib. Bununla da səfər başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti