Azərbaycan, Bakı, 20 avqust /Trend/
Bu gün Azərbaycan muğam sənətinin korifeyi Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov) 110 yaşı tamam olur.
Xan Şuşinsiki 1901-ci il avqustun 20-də doğulub.
Xan Şuşinski adı ona 12-13 yaşlarında məclislərin birində verilib.
Böyük sənətkar Şuşanın bünövrəsini qoyan Cavanşir sülaləsindən olan Aslan bəyin ailəsində dünyaya göz açıb.
İsfəndiyarın sənətə gəlişində Segah İslamın (İslam Abdullayev) xüsusi rolu olub. Belə ki, Segah İslam məclislərin birində səsini bəyəndiyi İsfəndiyarı özünə şagird götürüb. "Xan" ləqəbinin tarixçəsi isə belə olub: Segah İslam tələbəsi İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdəymiş. Məclis arəstə olmamış, ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur. Təbrizli Əbülhəsən xanın ifasında "Kürd Şahnazı"nı dinləyirlər. Həmin məclisdə ona Xan Şuşinski adını verirlər.
Xan Şuşinski yalnız görkəmli xanəndə kimi tanınsa da, onun bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarını Xan Şuşinski bəstələyib.
"Şuşanın dağları" mahnısının sözləri də Xana məxsusdur.
Simfonik orkestrin müşayiətilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Azərbaycan musiqi tarixində ilk duet Şövkət xanım Ələkbərova ilə Xan Şuşinskinin ifasında səslənib. Xan Şuşinski Üzeyir Hacıbəyovdan başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyov Xan Şuşinskinin ifasında mahnılarını dinləməkdən xüsusi zövq alırmış. Xüsusən də, "Qaragöz" mahnısını. 1926-cı ildə bəstələnən bu mahnının ilk ifaçısı da elə Xan Şuşinski olub.
Xan Şuşinski "Qarabağ şikəstəsi"ni oxumağı çox sevərmiş. Şikəstə ondan əvvəl məclisdə 3-4 xanəndənin ifasında səslənsəydi də, Xan bütün çıxışlarında həmişə birinci "Qarabağ şikəstəsi"ni oxuyarmış.
Xan geniş səs diapazonuna sahib olmaqla yanaşı Azərbaycanın mədəniyyətini bütün dünyaya tanıtması ilə də xalq arasında böyük hörmət qazanmağa nail olub. Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. O, mürəkkəb muğamların mahir bilicisi olub.
Xan Şuşinski bütün növ muğamların mahir ifaçısı idi. O, ritmik muğamları qeyri-adi bir ustalıqla oxuyurdu, dinləyicidə böyük ruh yüksəkliyi oyadırdı.
Xan Şuşinski Bakıda ilk konsertini 1929-cu ildə filarmoniyada verib.
Bu konsertdən sonra Xan Şuşinski Mircəfər Bağırov tərəfindən qəbul olunur. Bağırovun əmrilə Xan, qardaşı Allahyar Cavanşirlə birgə 24 saat ərzində Bakıya köçürülür. Onların hər ikisinə mənzil verilir.
Azərbaycan musiqi tarixində ilk dəfə olaraq 1943-cü ildə əməkdar artist adını almadan, SSRİ xalq artisti adına və "Şərəf" ordeninə layiq görülür.
Azərbaycan musiqisinin xanı Xan Şuşinski 1979-cu il martın 18-də 78 yaşında vəfat edib.
Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi 240 dəqiqəlik lent yazısı qalıb.