...

Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır

Gündəm Materials 17 İyul 2018 18:10 (UTC +04:00)
Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır.
Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır

Bakı. Elçin Mehdiyev - Trend:

“Hər zaman müasir dövrün qlobal çağırışlarını əsas tutan Azərbaycan bu gün demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir. Ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən söz, fikir və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir. Bütün vətəndaşlar rahat şəkildə öz fikirlərini ifadə edə bilir, kütləvi informasiya vasitələri isə müstəqil şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bütün bunların əsasında dövlətin bu sahəyə olan diqqət və qayğısı, azad medianın inkişafı üçün yaratdığı münbit şərait durur. Bu gün ölkəmizdə qeydiyyatdan keçən və fəaliyyət göstərən çoxlu sayda kütləvi informasiya vasitəsinin mövcudluğu bir daha söz və mətbuat azadlığının beynəlxalq standartlar səviyyəsində təmin olunduğunu nümayiş etdirir".

Bunu Trend-ə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev həyatın bütün sahələri kimi, mətbuatın inkişafını da xüsusi diqqət mərkəzində saxlayır:

“Dövlətimizin başçısı cənab İlham Əliyev KİV-in inkişafına, maddi-texniki bazasının möhkəmləndiriləməsinə hər zaman həssas yanaşır. Elə ötən gün möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manatın ayrılması dediklərimizin əyani sübutudur. Bu fakt bir daha onu göstərir ki, dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, cənab Prezidentimizin təşəbbüsü ilə Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması artıq sistemli xarakter alıb. Öz növbəmizdə, bizə göstərilən maddi və mənəvi dəstəyə, diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dövlətin KİV-ə dəstəyi təkcə bidəfəlik yardımlarla yekunlaşmır:

“Bu gün Azərbaycanda jurnalistlərə təmənnasız olaraq mənzillərin verilməsi dünyada bir ilkdir. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə Bakının Bibiheybət qəsəbəsində 2013-cü ildə 156 mənzilli, 2017-ci ildə isə 255 mənzilli yaşayış binalarının açılış mərasimlərinin keçirilməsi və 400-dən çox jurnalist ailəsinə böyük sevincin bəxş edilməsi hər birimizin yaddaşındadır. “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür”. Jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edən dövlətimizin başçısının səsləndirdiyi bu fikirlər Prezidentin həqiqətən jurnalistlərin dostu olduğunu və bu sahəyə isti, xoş münasibətini, diqqət və qayğısını göstərdi”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü əlavə edib ki, mətbuata göstərilən bu diqqət və qayğı jurnalistlərin də üzərinə böyük məsuliyyət qoyur: “Biz unutmamalıyıq ki, jurnalist olmaqdan əvvəl bu ölkənin vətəndaşıyıq, bu Vətənin övladıyıq. Milli və dövlətçilik maraqları bizim üçün hər şeydən öndə olmalıdır. Möhtərəm Prezidentimizin “...Milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır” fikirləri biz jurnalistlər üçün fəliyyətimizin bütün dövrlərinin mühüm tezisi olmalıdır. Yalnız bu halda dövlətimizin inkişafına, milli maraqlarımızın daha etibarlı şəkildə qorunmasına öz töhfəmizi vermiş olarıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti