Bakı. Çingiz Səfərli -Trend:
Son dövrlərdə elan saytları vasitəsilə kirayə ev axtaranlar fırıldaqçıların qurbanına çevrilir.
Bu barədə Trend-ə açıqlama verən əmlak eksperti Ramil Osmanlı vətəndaşları maksimum dərəcədə diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri əsasən kirayə ev götürmək istəyən vətəndaşların bir çox hallarda ərazi üzrə ev axtararakən paytaxtdan kənarda olmalarıdır.
"Bu zaman qarşı tərəflə əlaqə yaradarkən, deyilir ki, beh qoymaq lazımdır. Behin də göndərilməsi üçün vəsaitin müəyyən kart hesabına köçürülməsi təklif edilir. Arada da heç bir rəsmi müqavilə olmadığı üçün sonradan pulu alan şəxs yoxa çıxır və onunla əlaqə saxlamaq mümkün olmur. Hesab edirəm ki, vətəndaşlar bu məsələdə diqqətli olmalı, ən azından qarşı tərəfin fəaliyyəti ilə yaxından tanış olmadan ona ödəniş etməməlidirlər. Bu həmçinin kifayət qədər ciddi problemlərin də yaranmasına gətirib çıxarır. Bəzi hallarda hətta tərəflər arasında qarşıdurmaya qədər gedib çıxır".