Bakı. Trend:
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Qərar qəbul edilib.
Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, həmin qərar inzibati mübahisələrə baxılması zamanı məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı məhkəmə təcrübəsində qarşıya çıxan problemləri aradan qaldırmaq, bu sahədə hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədinə yönəlib.
Ali Məhkəmə həm də sözügedən Plenum qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair qərar qəbul edib.
Monitorinq müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı
qanunvericilikdə təsbit edilmiş normaların məhkəmələr tərəfindən
Plenum qərarında verilmiş izahlar nəzərə alınmaqla tətbiqi
vəziyyətinə dair məlumatların toplanılması, təhlili,
ümumiləşdirilməsi və qiymətləndirilməsi məqsədilə həyata
keçirilir.
Monitorinq ölkəmizin bütün inzibati məhkəmələrini və apellyasiya
instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə,
2024-cü il yanvarın 1-dən 2025-ci il 1 yanvar tarixinədək olan dövr
ərzində 1 il müddətində aparılacaq.