Bakı. Trend:
Maliyyə piramidası və ya “Ponzi” sistemi qeyri-qanuni investisiya fırıldaqçılığıdır.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, bu dələduzluq növündə böyük qazanclar vəd edilir, lakin faktiki olaraq heç bir real, iqtisadi fəaliyyət və ya mənfəət yaradan iş görülmür. Təklif olunan gəlirlər isə sadəcə digər insanlardan toplanan pullar vasitəsilə ödənir.
Qeyd olunan addımları izləyərək bu dələduzluq növündən qoruna bilərsiniz.
1) Asan və qısamüddətli qazanc vəd edən platformalara qarşı ehtiyatlı olun;
2) Platformalar barədə məlumatların doğruluğunu rəsmi mənbələrdən dəqiqləşdirin;
3) Maliyyə itkisi ilə bağlı riskləri nəzərə alın;
4) Platformaların Azərbaycandakı fəaliyyəti ilə əlaqədar rəsmi qurumlar tərəfindən icazəsinin olub-olmadığını araşdırın.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara asan qazanc vədlərinə qarşı diqqətli olmağı, hər hansı kampaniyalar barədə ətraflı məlumatı rəsmi mənbələrdən dəqiqləşdirməyi və bank məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edib.