Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/
Suraxanı rayonunda 2 azyaşlı uşaq çoxmərtəbəli binada bağlı qapı arxasında qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar.
Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.