...

Vüqar Səfərlinin adına ümumilikdə 4 milyon 75 min manat vəsait olub - Prokuror

Hadisə Materials 21 Sentyabr 2021 18:49 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokurorun suallarını cavablandırarkən təqsirləndirilən şəxs Vüqar Səfərli bildirib ki, əlamətdar günlərdə KİVDF-nin yazı müsabiqələri keçirilirdi: "Həmin müsabiqələrin qaliblər elan olunması mərasimlərində qalib jurnalistlərə tutduğu yerlərə görə pul mükafatları verilirdi. Müsabiqələrdə 1-ci yer üzrə 1000 manat, ikinci yer üzrə 800 manat, 3-cü yer üzrə isə 500 manat pul mükafatları verilirdi. Bundan əlavə, müsabiqədə yer tutmayan jurnalistlərə həvəsləndirici yerlər müəyyən edilirdi və hər jurnalistə 300 manat pul mükafatı təyin edilirdi.

Bununla yanaşı, mərasimlərdə jurnalistlərlə birlikdə qonaqlar da olurdu. Bu qonaqlar müxtəlif vəzifələrdə çalışan insanlar, nazirlər, nazir müavinləri, dövlət və qeyri- hökumət təşkilatlarının rəsmiləri, millət vəkilləri, nazirlik və komitə rəhbərləri, digər rəsmi şəxslər iştirak edirdilər. Həmin şəxslərdən tədbirlərə gəlməyənlər də olurdu. Tədbirə çağırılan qonaqların siyahısını bizim işçilər hazırlayırdı, bir qisminə isə dəvətnamə göndərilirdi. Tədbirlərdə nazirlər və icra başçıları da dəvət olunurdu. Bundan əlavə, tədbirlərə televiziya çəkilişləri üçün əməkdaşlar da dəvət edilirdi. Hər tədbirdə təkcə AZTV-dən 15 işçi olurdu.

Həmin tədbirlər tenderlərlə keçirilirdi. Tenderlərdə bütün qiymətlər yazılırdı. İstintaqda bilmişəm ki, Satınalmalar üzrə Dövlət Agentliyi bununla bağlı şərt qoyub ki, bu cür tədbirlərdə stulun 1-nin qiyməti 60 manatdan artıq olmamalıdır. Amma bundan bizim xəbərimiz olmayıb.

Məsələn, "Xəmsə" restoranında keçirilən tədbirlərdən birində müəyyən olunan vəsaitdən 6 min 100 manat artıq qaldı. Həmin məbləğ tədbirdən sonra büdcəyə qaytarıldı".

Prokuror bildirib ki, Vüqar Səfərlinin adına ümumilikdə 4 milyon 75 min manat vəsait olub: "Vüqar Səfərli müxtəlif vaxtlarda banklara müxtəlif məbləğlər yatırıb. Nəticədə bankda Vüqar Səfərlinin adına külli miqdarda vəsaitlər toplanıb".

Həmin məbləğlə bağlı məsələyə münasibət bildirən təqsirləndirilən şəxs deyib ki, həmin vəsaiti o, devalvasiya zamanı əldə edib: "Ölkədə devalvasiya vaxtı mənim bankda vəsaitim olub. Həmin vəsaiti mən dollar bahalaşmazdan əvvəl bankdan çıxardım. Pullarımı dollara çevirib yenidən banka yatırdım. Və mən bu prosesdə qazandım. Bir müddət dollar kimi pulu bankda saxlayandan sonra faiz az olduğu üçün çıxardım. Manat sabitləşəndən sonra həmin məbləği manatla yenidən banka qoydum. Müstəntiq isə bunu yeyinti kimi qeyd edib. Müstəntiq normal istintaq aparmadı.

Həyat yoldaşımın adına olan "Futbol+qol"qəzetinə ayrılan vəsaitlər digər qəzetlərə ayrılan vəsaitlərdən 1 manat da çox deyildi. O vaxt bu qəzet məşhur idi. Müəyyən klublar ilə müqavilələr bağlamışdı, həmin klublar da qəzetə reklam verirdi".

Tenderin keçirilməsi qaydaları ilə bağlı epizoda münasibət bildirən V. Səfərli qeyd edib ki, bunlar qanunvericiliyə uyğun aparılırdı: "Vəsaitlərə Müşahidə Şurası nəzarət edirdi. Vəsaitin ödənilməsini Maliyyə Nazirliyi həyata keçirirdi. Maliyyə Nazirliyi həmişə bizim smeta xərclərimizi normal qiymətləndirirdi.

KİVDF-yə vəsatət xərclər smetasına əsasən ayrılırdı. Xərclər smetasına qəzetlərə ayrılan vəsaitlərlə yanaşı, icarə müqaviləsi də daxil idi. Həmin vəsaitdən başqa bizə bir qəpik də pul ayrılmırdı. İl başa çatandan sonra mən Müşahidə Şurası qarşısında hesabat verirdim. Müşahidə Şurası hesabatı təsdiqləyəndən sonra sənədlər Maliyyə və İqtisadiyyat Nazirliyinə göndərilirdi. Müşahidə Şurası hesabatı dinləyib qeydlər aparıb müzakirəyə çıxarırdı, sonra səsə qoyub qiymət verirdilər.

Beynəlxalq Mətbuat Mərkəzinin binasında bizdən başqa da dövlət qurumları yerləşirdi. Həmin qurumlar nə qədər icarə verirdi, ondan xəbərim yoxdur. Biz ora köçməmiş sadə bir yerdə fəaliyyət göstərirdik. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə yer barədə müraciət etdim, onlar bizə 8-ci kilometr yaxınlığında zirzəmi təklif etdilər. Amma orada bizim fəaliyyətimiz mümkün deyildi.

Sonra bizə dedilər ki, başqa yerdə ofis tapın. Beynəlxalq Mətbuat Mərkəzində yer təklif etdilər, xoşumuza gəldi. KİVDF-nin işçiləri ifadə verəndə bildiriblər ki, ləvazimatları görməmişik. Sonradan dedilər ki, ləvazimatlar sözünü başa düşməmişik. Biz jurnalistlərə verdiyimiz hədiyyələr barədə qol çəkdirə bilməzdik. Hədiyyə sahibinə necə deyək ki, sənə bu qədər qiyməti olan hədiyyə veririk, bura qol çək".

Tikinti məsələlərindəki israfçılıq məsələsinə gəlincə, Vüqar Səfərli bildirib ki, bu prosesə o nəzarət etməyib: "Mən yalnız iş başa çatandan sonra gedib baxırdım. Mən tikintiyə istəsəm də nəzarət edə bilməzdim. Çünki buna nəzarət edənlər var idi.
Biz smeta sənədlərini Maliyyə Nazirliyi təsdiqləyəndən sonra xəbərimiz olurdu. FHN-in Tikintiyə Nəzarət Xidməti binanı araşdırıb tikintiyə rəy verirdi. Bu, mənim səlahiyyətimdə olan məsələ deyildi. Mən nə pul görürdüm, nə material.

Yazı müsabiqəsində xərclər hamısı tenderdə göstərilirdi. Yazı müsabiqəsində yeməyin pulundan başqa diplomların xərci var idi, əklillər alınırdı".

Prosesdə ifadə verən təqsirləndirilən şəxs, KİVDF-nin mühasibi Təhminə Yaqubova isə bildirib ki, 2011-ci ildən KİVDF-də işləyib: "Mən orada yalnız xərclər smetası çərçivəsində işləmişəm. Maliyyə Nazirliyi smetanı təsdiqləyəndən sonra həmin smeta əsasında işləmişəm. Heç bir halda mənə irad tutulmayıb. Mən baş mühasib olmuşam, tədbirlərə hamıdan gec gəlmişəm. Mən orada qonaqlar saymamışam. Əlimdə sənədlər olub, həmin sənədlərlə ödənişimi etmişəm. İstintaq isə mənim adımı mənimsəməkdə çəkib. Mən Müşahidə Şurasının qərarları əsasında ödənişlər etmişəm. Bəlkə də mənim xərclərə müdaxilə etmək ixtiyarım var idi. Amma müdaxilə etmirdim, çünki binanın yerinə görə icarə haqqının normal olduğunu hesab edirdim. İstintaqda məndən Əli Həsənov barədə soruşurdular, mən Əli müəllimi tanımamışam, sadəcə uzaqdan-uzağa görmüşəm. Mən tamahkar insan olmamışam, işimi icra edib əmək haqqımı almışam. İstintaq mənim KİVDF-nin işçiləri ilə əlbir olduğumu göstərir, mən heç təqsirləndirilən şəxslərin əksəriyyətini tanımıram. Özüm 17 il kirayələrdə qalmışam, evim olmayıb.
Mal-materiallara gəlincə isə mən o prosesdə də sənədlər üzrə xərclər köçürmüşəm".

Proses oktyabrın 1-də davam edəcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti