...

Dağlıq Qarabağda hərbi əməliyyatlar 2012-ci ildə bərpa oluna bilər - Beynəlxalq Böhran Qrupu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2007 13:28 (UTC +04:00)
Dağlıq Qarabağda hərbi əməliyyatlar 2012-ci ildə bərpa oluna bilər - Beynəlxalq Böhran Qrupu

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Ermənistan və Azərbaycan ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülən təkliflərlə bağlı razılığa gələ bilməyib. Bu barədə Beynəlxalq Böhran Qrupunun (BBQ) nümayəndəsi Kler Delesar Dağlıq Qarabağla bağlı məruzəsi zamanı bildirib.

"Biz təəssüf edirik ki, hər iki tərəf güclü siyasi iradə nümayiş etdirə bilmir və hər iki ölkə hökuməti öz cəmiyyətlərini münaqişənin həllinə hazırlamır" - deyə Delesar bildirib.

Delesarın sözlərinə görə, hazırda hər iki tərəfdə hərbi hazırlıq gedir. Hərbi əməliyyatların bərpası 2012-ci ildə, Azərbaycanın nefi gəlirlərinin azalacağı dövrdə mümkündür. Delesar bildirib ki, beynəlxalq ictimaiyyət bu münaqişənin həllinə xüsusi diqqət ayırmalı və tərəflərin Minsk qrupunun təklifləri ilə bağlı 2012-ci ilə qədər razılığa gəlməsinə nail olmalıdır. BBQ Azərbaycan və Ermənistan hökumətinin vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq etməsini təklif edir.

"Neft gəlirlərinin azalmasından sonra vəziyyət gərginləşə bilər və yalnız vətəndaş cəmiyyəti münaqişənin həllində mühüm rol oynaya bilər" - deyə Delesar bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti