...

Ermənistanın yenilənmiş Madrid prinsiplərini qəbul etməməsi problemi konseptualdır - Azərbaycanın XİN rəhbəri (YENİLƏNİB-2)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2010 15:56 (UTC +04:00)
Ermənistan tərəfinin yenilənmiş Madrid prinsiplərini qəbul etməməsi problemi konseptual anlamdadır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
Ermənistanın yenilənmiş Madrid prinsiplərini qəbul etməməsi problemi konseptualdır - Azərbaycanın XİN rəhbəri (YENİLƏNİB-2)

RED. əlav.: sonuncu üç abzas əlavə olunub

Venesiya, İtaliya, 5 iyun /Trend, xüsusi müxbir İ.Kaşey/

Ermənistan tərəfinin yenilənmiş Madrid prinsiplərini qəbul etməməsi problemi konseptual anlamdadır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.

"Əgər Ermənistan tərəfdən konseptual qərar verilərsə, məsələ öz həllini tapa bilər. Əgər nəyəsə ilişmək üçün cəhdlər olarsa, onda hər zaman çətinliklər olacaq", - Məmmədyarov jurnalistlərə şənbə günü Venesiyada bildirib.

Onun sözlərinə görə, Azərbaycan anlaşıqlı sülh müqaviləsinə nail olmaq üçün yenilənmiş prinsiplər əsasında bundan sonra da çalışmağa hazırdır.

"Biz azərbaycanlılar indi problemin nədə olduğunu başa düşürük. Lakin mənim şəxsi fikrim belədir ki, burada məsələ dildə yox, konseptual anlamdadır", - Məmmədyarov deyib.

Cümə günü ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycanın xarici işlər naziri Venesiyada keçirdikləri görüşdə danışıqların Ermənistan tərəfindən qəbul edilməsi çətin olan məqamlarını müzakirə ediblər və gələcək fəaliyyət istiqamətlərini müəyyən ediblər. Nazirin sözlərinə görə, görüşdə yenilənmiş Madrid prinsiplərində göstərilmiş məqamlar da müzakirə olunub.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın yanvarda Soçidə keçirilmiş görüşündə Minsk qrupu tərəflərə danışıqların əsası olan Madrid sənədinin yenilənmiş variantını təqdim edib. Bu sənəd Afinada ATƏT XİNŞ sammitində hazırlanıb.

Nazirin sözlərinə görə, Minsk qrupunun həmsədrləri sənədi Afinada təqdim edərkən, əlbəttə, gözləyirdilər ki, Azərbaycan və Ermənistan tərəfi bu sənədə müsbət yanaşacaqlar, çünki bu, ikiillik işin və tərəflər arasında həm xarici işlər nazirləri, həm də prezidentlər səviyyəsində keçirilən görüşlərin nəticəsidir.

"Təəssüf ki, erməni tərəfi son anda sənəddə müəyyən dolaşıqlıqların olduğunu bildirdi", - Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Əgər erməni tərəfinin səmimi olaraq irəli getmək istəyi olarsa, Azərbaycan tərəfi bundan sonra da görüşməyə hazırdır", - Məmmədyarov erməni tərəfinin analoji istəyinin olacağı halda danışıqların davam etdirilməsi ilə bağlı öz cəhdini ifadə edib.

Məmmədyarov deyib ki, həmsədrlərin danışıqlar prosesini fəallaşdırmaq arzusunu başa düşür. Çünki ABŞ, Fransa və Rusiya nümayəndələri tərəfindən hazırlanan sənəd var. Azərbaycan tərəfi sənəd üzərində işləyib və işi davam etdirməyə hazırdır. Nazir qeyd edib ki, sənəddə bəndlər var ki, Azərbaycan tərəfi onların tamamlanmasını təklif edir.

"Futbol terminologiyasından istifadə edərək deyə bilərəm ki, top Ermənistanın meydanındadır, - Məmmədyarov deyib. - Ermənistan daha sonra nə etməli olduğunu müəyən etməlidir".

Nazir hesab edir ki, dünənki görüşdən sonra həmsədrlər Azərbaycan tərəfindən aldıqları siqnalları erməni tərəfinə çatdırmalıdırlar. Həmsədrlər daha sonra vəziyyəti müqayisə edərək, yəqin ki, öz təkliflərini irəli sürəcəklər.

Xəbər lenti

Xəbər lenti