...

Çin şirkətləri iqtisadi və infrastruktur sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar

İqtisadiyyat Materials 7 Noyabr 2025 16:20 (UTC +04:00)
Çin şirkətləri iqtisadi və infrastruktur sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çin İxrac və Kredit Sığorta Korporasiyasının (Sinosure) və Çin Yol və Körpü Korporasiyasının (CRBC) nümayəndə heyətləri Azərbaycanla iqtisadi və infrastruktur sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildiriblər.

Trend xəbər verir ki, bu barədə noyabrın 7-də Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimovun ölkədə səfərdə olan Çin İxrac və Kredit Sığorta Korporasiyasının (Sinosure) və Çin Yol və Körpü Korporasiyasının (CRBC) nümayəndə heyətləri ilə görüşü zamanı məlumat verilib.

Bildirilib ki, görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqust ayında Çinə səfəri zamanı keçirilmiş görüşlərdə əldə olunan razılaşmaların davamı olaraq, iqtisadi və maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsinə həsr olunub. Qeyd edilib ki, həmin yüksək səviyyəli səfər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin, həmçinin infrastruktur və investisiya sahəsində tərəfdaşlığın daha da inkişafına mühüm təkan verib.

A. Kərimov ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, bu sahədə həyata keçirilən layihələr, o cümlədən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verib.

Bildirilib ki, Bakı şəhəri və ətraf ərazilərdə rahat, təhlükəsiz və ekoloji baxımdan səmərəli nəqliyyat sisteminin formalaşdırılması, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və yol-nəqliyyat şəbəkəsinin daha səmərəli idarə olunması, regional miqyasda logistika əlaqələrinin şaxələnməsi hökumətin əsas prioritetləri sırasındadır.

Çin nümayəndə heyəti qeyd olunan layihələrdə iştirak etmək, eləcə də layihələrin texniki, mühəndislik, tikinti və maliyyə təminatı sahələrində əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlı olduqlarını ifadə ediblər.

Çin İxrac və Kredit Sığorta Korporasiyasının baş direktorunun müavini Çenq Tao Azərbaycanda son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur və nəqliyyat layihələrinin təkcə daxili deyil, həm də regional səviyyədə logistika əlaqələrinin şaxələnməsinə, beynəlxalq ticarət marşrutlarının rəqabət qabiliyyətinin artmasına və nəqliyyat axınlarının optimallaşdırılmasına mühüm töhfə verdiyini vurğulayıb. Bu baxımdan o, Azərbaycan ilə iqtisadi və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti