...

“Dəmiryolu və avtomobil tunellərinin layihələndirmə normaları” təsdiqləndi

İqtisadiyyat Materials 7 Noyabr 2025 13:47 (UTC +04:00)
“Dəmiryolu və avtomobil tunellərinin layihələndirmə normaları” təsdiqləndi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Dəmiryolu və avtomobil yollarının tunelləri. Layihələndirmə normaları"nı təsdiqləyib.

Trend xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu normalar rels izi 1520 mm olan ümumi şəbəkə dəmir yollarında və bütün dərəcəli ümumi istifadədə olan avtomobil yollarında yeni tikilən və yenidən qurulan tunellərin layihələndirilməsinə və tikintisinə şamil olunur.

Bundan başqa, normalar dəmir yolunun yüksək sürətli (200 km/saatdan artıq) sərnişin daşımaları xətləri, eləcə də sürətli avtomagistrallar (hesablama hərəkət sürəti 150 km/saatdan artıq) üzərində inşa olunan tunellərə və şəhər nəqliyyatı tunellərinə şamil olunmur.

Tunellər onların bütün istismar müddəti ərzində nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini, inşaat konstruksiyalarının və daimi qurğuların qənaətli və çox zəhmət tələb etmədən saxlanmasını, xidmət personalının sağlamlığını və təhlükəsiz əmək şəraitini, həmçinin ətraf mühitin mühafizəsini təmin etməli, eləcə də “Avtomobil yolları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Yerin təki haqqında”, “Texniki təhlükəsizlik haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə cavab verməlidir.

Tunellərin tektonik qırılma zonalarında, sürüşmə sahələrində, intensiv su yığılması olan yerlərdə (geniş dərələrdə, suayrıcların ensiz keçid yerlərində və s.), karst təhlükəli ərazilərdə, tunelin portallarının (girişlərinin) və portalətrafı sahələrinin isə qar uçqunlarının, sel axınlarının və daşqopmaların mümkün olduğu yerlərdə yerləşdirilməsinə yol verilməməlidir.

Qəbul olunan texniki həllər, konstruksiya və materiallar tunel geyimlərinin istismar müddətinin 100 ildən az olmamasını təmin etməlidir. Daimi qurğuların inşaat konstruksiyalarının təmirlərarası müddəti azı 50 il təşkil etməlidir.

Yeraltı hissələrdə yerləşən tunellər, mədən dəhlizləri və digər tunelyanı qurğular, küləyədavamlı sərt qaya qruntlarında yerləşən tunelyanı qurğular istisna olunmaqla daimi tunel geyiminə malik olmalıdırlar.

Yuxarı səthə çıxışı olan tunel və mədən dəhlizlərinə girişlər möhkəmləndirilməli və portallar, rampalar şəklində yerinə yetirilməlidir.

Təhlükəli geoloji proseslər zonasında (sürüşmə, uçqun, sel axınları, qar uçqunları və s.) zəruri mühafizə qurğuları olmalı və yaxud qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq tunelin portallarının və portalyanı sahələrinin tələb olunan mühafizəsini təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

Tunellərin kameraları və divar oyuqları olmalıdır. Kameralar tunelin hər iki tərəfində 300 m-dən artıq olmamaqla şahmat qaydasında yerləşdirilərək qurulmalıdır. Tunelin uzunluğu 300 m-dən 500 m-dək olduqda tunelin ortasında bir kameranın olması, uzunluq 500 m-dən 700 m-dək olduqda isə - iki tərəfdə aralarında, həmçinin onlarla portallar arasında bərabər məsafə olan iki kameranın olması zəruridir.

Divar oyuqları kameralar arasında 60 m-dən bir tunelin hər iki tərəfində yerləşdirilməlidir.

Avtomobil yolları tunellərində kameralar nəzərdə tutulmur.

Tunel tipli yol ötürücülərində kamera və oyuqlar nəzərdə tutulmur.

Xəbər lenti

Xəbər lenti