Bakı. Trend:
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığı Aİ-nin “REPowerEU” planında nəzərdə tutulan, Rusiya mənşəli qaz da daxil olmaqla, idxal olunan fosil enerji resurslarından asılılığın aradan qaldırılması məqsədinə mühüm töhfə verir.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının Enerji və mənzil tikintisi məsələləri üzrə komissarı Dan Yorgensen Avropa Parlamentində səsləndirilən suala yazılı cavabında bildirib.
“2021-ci ildən bəri Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Azərbaycanın Aİ-yə qaz tədarükü 40 faizdən çox artıb. Vacib məqam ondan ibarətdir ki, CQD birbaşa yalnız Azərbaycan qaz yataqları ilə əlaqəlidir və ölkənin milli qaznəqliyyat sistemi ilə inteqrasiya olunmayıb. Buna görə də o, Rusiya qazının Aİ-yə nəqli üçün istifadə edilmir,” - deyə Yorgensen vurğulayıb.
Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycan daxili istehlak məqsədi ilə Rusiyadan 1 milyard kubmetrdən az təbii qaz idxal edib.
“Bu idxal həcmi 2024 və 2025-ci illərdə kəskin şəkildə azalıb. Eyni zamanda, Azərbaycanın ümumi təbii qaz ixracı 2024-cü ildə 25 milyard kubmetrdən çox olub ki, bunun da təxminən yarısı Aİ bazarına yönəlib. Bu göstəricilər arasındakı fərq miqyas fərqini açıq şəkildə nümayiş etdirir,” - Avropa komissarı əlavə edib.
Yorgensen həmçinin vurğulayıb ki, Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün qurulmasını fəal şəkildə dəstəkləməyə davam edir.
“Hər iki ölkə münasibətlərin tam normallaşması istiqamətində irəliləyişini davam etdirməsi son dərəcə vacibdir. Bu kontekstdə Aİ 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh sazişinin mətni üzrə paraflanmanı yüksək qiymətləndirir. Bu hadisə uzun illər davam edən münaqişənin dayandırılması işində əhəmiyyətli bir irəliləyiş oldu. Aİ Vaşinqton razılaşmalarının gerçəkləşdirilməsinə dəstək göstərməyə hazırdır,” – deyə o qeyd edib.
