Bakı. Trend:
Macarıstanın “MOL Group” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsi üzrə əsaslı xərcləri 2025-ci ilin üçüncü rübündə 31,1 milyon dollar təşkil edib. 2024-cü ilin eyni dövründə bu göstərici 22,4 milyon dollar olub.
Trend şirkətə istinadən xəbər verir ki, bu göstərici illik ifadədə "MOL"un əsaslı xərclərinin 38,8 faiz artdığını göstərir.
2025-ci ilin üçüncü rübündə geoloji-kəşfiyyat işlərinə çəkilən xərclər 1,5 milyon dollar olub, halbuki ötən il bu rəqəm 2,6 milyon dollar təşkil etmişdi. Şirkətin bu blok üzrə digər xərcləri 2024-cü ilin üçüncü rübündəki 0,8 milyon dollara nisbətdə 1,2 milyon dollara çatıb.
AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişinin (PSA) iştirakçıları adından operator kimi çıxış edən bp şirkətinin məlumatına görə, 2025-ci ilin ilk üç rübü ərzində bp və onun tərəfdaşları “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində təxminən 388 milyon dollar əməliyyat xərci və təqribən 912 milyon dollar əsaslı xərc çəkiblər.
Lahiyədə iştirak paylarının bölgüsü aşağıdakı kimidir:
bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGC Videsh (2,92%).
