Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevlə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Qazaxıstan onun ikinci prezidentlik müddəti dövründə “İbrahim Sazişi”nə qoşulan ilk ölkə olacaq.
“Bu, dünyada körpülərin qurulması istiqamətində böyük addımdır. Bu gün bir çox dövlət mənim təşəbbüsümlə irəli sürülən ‘İbrahim Sazişi’ vasitəsilə sülh və rifahı qəbul etmək üçün növbəyə durub. Tezliklə bunu rəsmiləşdirmək üçün imza mərasimi keçiriləcək”, – deyə Tramp bildirib.
xxx
02:31
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff yaxın vaxtlarda daha bir ölkənin "İbrahim Sazişləri"nə qoşulacağını bəyan edib.
Trend-in məlumatına görə, bu barədə Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxışı zamanı bildirib.
"Bu axşam Vaşinqtona qayıdıram, çünki 'İbrahim Sazişləri'nə başqa bir ölkənin qoşulduğunu elan edəcəyik", – deyə ABŞ rəsmisi vurğulayıb.
Xatırladaq ki, 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması prosesinə start verilib. Bu təşəbbüs "İbrahim Sülh Sazişləri" adı ilə tanınır.
İndiyədək Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş sazişlərə qoşulub. Sudan isə prosesə maraq göstərərək deklarativ hissəni imzalasa da, İsraillə yekun sənədi hələ imzalamayıb. ABŞ Prezidenti Donald Tramp əvvəllər Səudiyyə Ərəbistanının da sazişlərə qoşulacağına ümid etdiyini bildirmişdi.
