Bakı. Trend::
“Tesla” şirkətinin səhmdarları şirkətin baş direktoru İlon Mask üçün nəzərdə tutulan 878 milyard ABŞ dolları dəyərində nəhəng əmək haqqı paketini təsdiqləyiblər.
Trend-in məlumatına görə, bu qərar səhmdarların Maskın “Tesla”nı təkcə elektromobil istehsalçısı kimi deyil, həm də süni intellekt və robot texnologiyaları sahəsində aparıcı şirkətə çevirmək planına dəstək verdiyini göstərir.
Mütəxəssislərin fikrincə, bu razılaşma Maskı dünyanın ilk trilyoneri edə bilər. Qərarın elanından sonra “Tesla”nın səhmləri təxminən 2 faiz bahalaşıb.
Şirkətin idarə heyəti daha əvvəl bildirmişdi ki, əmək haqqı paketi təsdiqlənməsə, İlon Mask istefa verə bilər.
Yeni plana əsasən, Mask 10 il ərzində “Tesla” səhmlərindən ümumilikdə 878 milyard dollara qədər gəlir əldə edə bilər. Ona 1 trilyon dollara qədər səhm veriləcək, lakin bu vəsaitin bir hissəsini şirkətə geri qaytarması nəzərdə tutulur.
Bir çox investor hesab edir ki, bu paket uzunmüddətli perspektivdə “Tesla” səhmdarları üçün əlavə dəyər yaradacaq.
