Bakı. Trend:
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin Meksikanın daxili işlərinə qarışmasına qəti şəkildə qarşı olduğunu bəyan edib.
Trend-in məlumatına görə, dövlət başçısı bu barədə gündəlik mətbuat konfransında çıxışı zamanı bildirib.
"ABŞ-dən heç bir müdaxilə olmayacaq. Bir neçə nəfər istisna olmaqla, demək olar ki, heç bir meksikalı kənardan müdaxilə və ya təzyiqin olmasını istəmir", – deyə Şeynbaum vurğulayıb.
O qeyd edib ki, Meksika ABŞ hökuməti ilə dialoqa və əməkdaşlığa üstünlük verir: "Heç bir halda müdaxiləyə yol verməyən çərçivə müqaviləmiz var. Bu, qarşılıqlı əməkdaşlığa əsaslanır."
Prezidentin sözlərinə görə, Meksika azad, müstəqil və suveren dövlət kimi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, daha əvvəl NBC kanalı Tramp administrasiyasının Meksikada narkotik kartelləri ilə mübarizə məqsədilə yeni hərbi əməliyyat planı üzərində işlədiyini, bu çərçivədə ABŞ hərbçiləri və kəşfiyyat əməkdaşlarının ölkədə quru əməliyyatlarına cəlb edilməsinin nəzərdə tutulduğunu xəbər vermişdi.
