...

"S&P" Azərbaycan Biznesinin İnkişafı Fondunun kreditləri üzrə proqnozlarını təqdim edib

İqtisadiyyat Materials 7 Noyabr 2025 10:05 (UTC +04:00)
"S&P" Azərbaycan Biznesinin İnkişafı Fondunun kreditləri üzrə proqnozlarını təqdim edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“S&P Global Ratings” agentliyi bildirir ki, Azərbaycan Biznesinin İnkişafı Fondunun (Azerbaijan Business Development Fund, ABDF) problemli kreditlərinin (gecikmiş və dəyərini itirmiş kreditlər) payı yaxın 24 ay ərzində 2 faizdən aşağı səviyyədə qalacaq.

Bu barədə Trend agentliyə istinadən xəbər verir.

2025-ci il yanvarın 1-də Sahibkarlığın İnkişafı Fondu (Entrepreneurship Development Fund, EDF) və Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan Investment Company, AIC) birləşərək, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondunu (ABDF) yaradıb. Hazırda hər iki qurumun əməliyyat inteqrasiyası prosesi davam edir.

“Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin sonunda 2016–2020-ci illər ərzində lisenziyaları ləğv edilmiş maliyyə qurumlarına verilmiş, tam ehtiyatla təmin edilmiş problemli kreditləri üzrə 192 milyon manatlıq borcu silib. Bunun nəticəsində 2025-ci ilin ortalarınadək belə kreditlərin həcmi ümumi portfelin 1,4 faizi olmaqla 9,7 milyon manata düşüb. Müqayisə üçün, 2023-cü ilin sonunda bu göstərici 24 faiz təşkil edirdi. Bu nəticə Azərbaycanın bank sektoruna dair mövcud proqnozumuzdan xeyli yaxşıdır, çünki həmin sektorda problemli kreditlərinin payı 5–6 faiz səviyyəsində qiymətləndirilir. Son beş il ərzində EDF tərəfindən verilmiş kreditlər nisbətən yüksək keyfiyyət nümayiş etdirib və gecikmiş öhdəliklərin sayı minimum olub. 2024-cü ilin sonuna mümkün itkilər üçün yaradılmış ehtiyatlar ümumi portfelin 3 faizini təşkil edib və problemli kreditləri ikiqat örtüb”, - “S&P”nin son hesabatında qeyd olunur.

Sənəddə bildirilir ki, EDF-nin kredit riskləri sahibkarlara deyil, maliyyə institutlarına aiddir.

“Maliyyə institutlarının EDF-yə qarşı hüquqi tələbi irəli sürmək səlahiyyəti yoxdur. Əgər Fond kiçik və orta sahibkarlığa verilmiş krediti saxtakarlıq kimi tanıyarsa, həmin krediti təqdim etmiş bank 10 gün ərzində borc məbləğini fonda qaytarmalıdır. 2025-ci ilin ortalarına olan məlumata görə, EDF-nin ümumi kredit portfelinin təxminən 62 faizi beş ən iri banka məxsus idi; qalan bank və kredit təşkilatlarının payı isə hər biri üzrə 5 faizdən çox deyildi. Ümumilikdə sahibkarlara kreditlərin əsas hissəsi kənd təsərrüfatı istehsalı və emalı sahəsinə (portfelin təxminən 50 faizi), eləcə də istehsal sektoruna (təxminən 40 faiz) yönəlib”, - S&P analitikləri qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti