Bakı. Trend:
Vaşinqton məhkəməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının siyasətinə etiraz edən və hüquq-mühafizə orqanı əməkdaşına sendviç atmaqda ittiham olunan şəxsi günahsız elan edib.
Trend xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Avqust ayında münsiflər heyəti 37 yaşlı Vaşinqton sakini Şon Dannın ağır cinayət ittihamı ilə mühakimə olunmasından imtina edib. İş daha sonra yüngül cinayət kimi qiymətləndirilib və noyabrın 6-da məhkəmə onu günahsız hesab edib.
Müdafiə tərəfi bildirib ki, atılan sendviç zərərsiz olub və zabit gülləkeçirməz jilet geyindiyi üçün ona fiziki zərər dəyə bilməzdi. Dann isə özünün yalnız Trampın siyasətini tənqid etdiyinə görə hədəfə alındığını söyləyib.
İttiham aktına əsasən, 2025-ci ilin avqustunda Dann küçədə Metropolitan Nəqliyyat Polisi və ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşlarına yaxınlaşıb, onları təhqir edib və daha sonra zabitlərdən birinin sinəsinə sendviç atıb. O, hadisə yerindən qaçmağa çalışarkən saxlanılıb.
Baş prokuror Pam Bondinin sözlərinə görə, Dann əvvəllər ABŞ Ədliyyə Nazirliyində çalışıb, lakin hadisədən sonra işdən azad edilib.
