Bakı. Trend:
Yunanıstan–Bolqarıstan interkonnektorunu (IGB) idarə edən ICGB müstəqil qaz nəqli sistemi operatoru Ukraynanı dəstəkləməyə yönəlmiş iki yeni marşrut məhsulunun istismara verilməsi ilə bağlı sazişi imzalayan regional tərəfdaşlara qoşulub.
Trend bu barədə IGB-ə istinadən xəbər verir.
“Məqsəd həmçinin Şaquli Qaz Dəhlizinin inkişafında mühüm bir addımı təmsil edir. Qaz nəqli sistemi operatorları (TSO) Cənub-Şərqi və Şərqi Avropa regionlarının enerji təhlükəsizliyini, əlaqəliliyini və bazar inteqrasiyasını gücləndirməyə yönəlmiş Route 2 və Route 3 marşrutlarının yaradılması barədə razılığa gəliblər. Qərar Afinada keçirilən “Transatlantik Enerji Əməkdaşlığı üzrə Tərəfdaşlıq” (P-TEC) konfransı çərçivəsində imzalanıb. Yeni paket məhsulları isə təsdiqlənməsi üçün milli enerji tənzimləyicilərinə təqdim ediləcək”, – şirkətin açıqlamasında qeyd olunub.
Bildirilib ki, “Route 2” və “Route 3” marşrutları Aleksandrupolisdəki LNG terminalından və Transadriatik qaz kəmərindən (TAP) çıxan təbii qazın Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Trans-Balkan qaz kəməri ilə Rumıniya və Moldova üzərindən Ukraynaya nəqlini nəzərdə tutur.
Cənubi Avropadakı giriş nöqtələrini Şərq bazarları ilə birləşdirən bu marşrutlar IGB-ni şimala istiqamətlənmiş mayeləşdirilmiş təbii qaz və Xəzər qazının nəqli üçün əsas ox halına gətirir, regionun enerji dayanıqlığını gücləndirir. Bu, Avropa İttifaqının Rusiya qazından mərhələli imtina siyasətinə uyğun olaraq, ABŞ və digər istehsalçı ölkələrdən mayeləşdirilmiş təbii qaz tədarükü üçün vacib alternativ mənbə və marşrutlar təmin edəcək.
“Route 2” və “Route 3” marşrutlarının yaradılması, ilin əvvəlində uğurla istifadəyə verilmiş “Route 1” marşrutunu tamamlayır və bölgə üzrə qaz təchizatının dayanıqlığını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Qazın nəqli üçün birləşdirilmiş hərrac platforması (RBP) vasitəsilə bir neçə rəqabətli ötürmə məhsulu təklif edən təşəbbüs, mürəkkəb şəraitdə belə qaz nəqlinin çevikliyini və fasiləsizliyini təmin edir”, - ICGB-dən bildirilib.
Operatorlar tənzimləyicilərə göndərdikləri birgə məktubda “Route 2” və “Route” 3 marşrutlarının 2025-ci ilin dekabrından 2026-cı ilin aprel ayınadək əlçatan olmasını, onların fəaliyyət müddətinin “Route 1” ilə sinxronlaşdırılmasını təklif ediblər. Bu dövr operatorlara, tənzimləyicilərə və bazar iştirakçılarına yeni marşrutların səmərəliliyini praktikada qiymətləndirmək və onların effektivliyini, bazar dəyərini artırmaq üçün zəruri düzəlişlər aparmaq imkanı yaradacaq.
