Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin tikinti materialları istehsalçısı olan və “Hacı Ömər Sabancı Holdinq A.Ş.”nin tərkibinə daxil olan “Cimsa Cimento Sanayi ve Ticaret A.Ş.” (Cimsa) şirkətinə 50 milyon avroya qədər kredit ayırıb.
Trend banka istinadən xəbər verir ki, bu vəsait şirkətin Green Financing Framework (GFF) çərçivəsində “yaşıl” investisiyalar proqramının maliyyələşdirilməsinə yönəldilib.
Layihə çərçivəsində kalsium-alüminat sementinin istehsalı üzrə yeni zavodun tikintisi və Mersin şəhərindəki mövcud istehsal güclərində karbonsuzlaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bankın məlumatına əsasən, layihə tam şəkildə “yaşıl iqtisadiyyata keçid” məqsədlərinə uyğun gəlir. Buraya enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadə və sement istehsalında klinker (sement istehsalında əsas xammal-red) payının alternativ xammal hesabına azaldılması daxildir.
Karbonsuzlaşdırma üzrə bu investisiya proqramı, ekoloji cəhətdən təmiz sement növlərinin (xüsusən də kalsium-alüminat sementinin — CAC) istehsalının genişləndirilməsi, bərpa olunan enerji mənbələrinin tətbiqi, istilik səmərəliliyinin artırılması və sement tərkibində klinker payının azaldılması vasitəsilə yaşıl iqtisadiyyata keçidi tam şəkildə dəstəkləyir.
