Bakı.Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yol hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilib.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrinin kəsişməsində hərəkət intensivliyi və piyada təhükəsizliyi səviyyəsinin artırılması məqsədilə Məhəmməd Hadi küçəsində yeni təhlükəsizlik adacağı inşa edilərək hərəkət kanallaşdırılıb, yeni piyada keçidləri və panduslar təşkil olunub.
Adacığın inşası ilə Qaçaq Nəbi küçəsindən gələn avtomobillərin “Ukrayna dairəsi” istiqamətində birbaşa hərəkəti təmin edilib. Həmçinin metronun “Qara Qarayev” stansiyası istiqamətindən gələn nəqliyyat vasitələrinin “Ukrayna dairəsi” istiqamətində fasiləsiz hərəkətini təmin etmək məqsədilə ilk dəfə 5.53 – “Daimi sağa dönmə” yol nişanı tətbiq edilib.
Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən işıqforların iş rejimi dəyişdirilib, piyadaların rahatlığı üçün yeni piyada bölmələri quraşdırılıb.
